Qayıdış şəhadətnaməsi

AZƏRBAYCAN RESPUBLİKASINA QAYIDIŞ ŞƏHADƏTNAMƏSİ 

Azərbaycan Respublikası vətəndaşının diplomatik, xidməti və ya ümümvətəndaş pasportunun, yaxud dənizçinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti başa çatdığı, yararsız vəziyyətə düşdüyü və ya itdiyi təqdirdə, eləcə də xaricdə 18 yaşı tamam olmuş, lakin pasportu olmayan vətəndaşa onun Azərbaycan Respublikasına geri qayıtması üçün Azərbaycan Respublikasının konsulu tərəfindən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilir. 

Azərbaycan Respublikasının vətəndaşı pasportun etibarlıq müddəti başa çatdığı və ya yararsız vəziyyətə düşdüyü halda Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ala bilməsi üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1. aydın şəkildə doldurulmuş ərizə-anket; 

2. etibarlılıq müddəti başa çatmış və ya yararsız vəziyyətə düşmüş pasportun əsli;

3. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil (ərizəçinin etibarlıq müddəti bitmiş pasportunda yetkinlik yaşına çatmamış uşaqların şəkli olduqda, həmçinin onların hər birinin 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli);

4. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz. 

Azərbaycan Respublikasının vətəndaşı pasportunu itirdiyi halda, onun Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı sənədlər əsasında rəsmiləşdirilir:

1. aydın və səliqəli şəkildə doldurulmuş ərizə-anket;

2. ərizəçinin şəxsiyyətini, onun Azərbaycan Respublikasında qeydiyyat və ya yaşayış yerini, şəxsiyyətini və vətəndaşlığını təsdiq etməyə imkan verən sənədlər (şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi);

3. ərizəçidə göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir.

4. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil (ərizəçinin etibarlıq müddəti bitmiş pasportunda yetkinlik yaşına çatmamış uşaqların şəkli olduqda, həmçinin onların hər birinin 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli);

5. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz. 

6. 95 TL məbləğində cərimənin ödənilməsinə dair qəbz

 Azərbaycan Respublikası vətəndaşının xaricdə 18 yaşı tamam olduqda və pasportu olmadıqda onun Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı sənədlər əsasında rəsmiləşdirilir:

1. aydın və səliqəli şəkildə doldurulmuş ərizə-anket;

2. ərizəçinin şəxsiyyətini, onun Azərbaycan Respublikasında qeydiyyat və ya yaşayış yerini, şəxsiyyətini və vətəndaşlığını təsdiq etməyə imkan verən sənədlər (şəxsiyyət vəsiqəsi, çağırışçı bileti, üzərində ona məxsus fotoşəkil olan pasport və doğum haqqında şəhadətnamə);

3. ərizəçidə göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir.

4. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

5. 40 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz. 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi, yalnız ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğunu təsdiq edən məlumatlar Azərbaycan Respublikasının konsuluna məlum olduqdan sonra rəsmiləşdirilir

bakushop