Baş konsulun müraciəti

Əziz həmvətənlər,
Hörmətli dostlar,

Sizləri Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş konsullğunun internet səhifəsində salamlayıram.

İnternet səhifəmizin başlıca məqsədi Sizləri Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı mövcud münasibətlərin gedişatına dair xəbərlərlə təmin etmək, Baş konsulluq tərəfindən Sizlərə göstərilən xidmətlərə və Sizlər üçün maraq kəsb edən  digər sahələrə dair məlumatların təqdim edilməsidir.

Baş konsulluğun fəaliyyət istiqamətləri İstanbul şəhəri və ətrafında yerləşən 26 vilayəti əhatə etməkdədir.

Güclü dövlətçilik ənənələri, zəngin mədəniyyət və sonsuz azadlıq sevigisinə sahib olan Azərbaycan xalqı, 1918-ci ilin 28 may tarixində demokratik dəyərlərin təməli sayılan bərabərlik, azadlıq və ədalət şüarları əsasında müsəlman Şərqində qurulmuş  ilk respublika -Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu olmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin ömrü qısa olsa da, 70 il Sovet İmperiyasının əsarəti altında mövcudiyyətini qoruyan Azərbaycan xalqı 1991-ci il 18 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya  Aktı qəbul edildikdən  sonra müstəqilliyini bərpa etmişdir. 9 noyabr 1991-ci il tarixində Türkiyə Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət olmuş və ölkələrimiz arasındakı diplomatik əlaqələr 14 yanvar 1992-ci il tarixində qurulmuşdur.

 XX əsrin sonlarına doğru Sovet İmperiyasının süqutundan sonra qanı-canı bahasına müstəqilliyini bərpa edən ölkəmiz,  Ermənistanın işğalçı və təcavüzkar siyasətinin şahidi olmuşdur. Belə ki, əzəli Azərbaycan torpaqları olan Dağlıq-Qarabağ və ətraf rayonlarımız Ermənistan tərəfindən işğal edilmişdir. Qeyd olunan ərəfədə xalqının və ölkəsinin imdadına yetişən  Ümummilli Lider Heydər Əliyev, erməni işğalını sonlandırmış və təsisatlı dövlət quruculuğunu başlatmışdır. Müstəqilliyini bərpa etmiş müasir Azərbaycan, bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzolunmaz səyləri nəticəsində bölgəmizlə yanaşı dünyada da nüfuz sahibinə çevrilmişdir.

2017-ci il hər iki ölkə üçün olduqca mühim tarixi əhəmiyyət daşıyır. Belə ki, bu il  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunmuşdur. Bu gün ölkələrimiz arasındakı mövcud siyasi, hərbi, iqtisadi, sosial-mədəni əlaqələr öz inkişaf mərhələsinin zirvəsində qərarlaşmışdır.

Baş konsulluq olaraq, iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində Sizlərin mənəvi dəstəyinə güvənərək, var gücümüzlə çalışacağımızı əminliklə qeyd etmək istərdik.

Hörmətlə,

Məsim Hacıyev

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu

 

bakushop