2017-01-13
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

14 yanvar 1992-ci il tarixi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması günüdür. Bu əlamətdar hadisənin 25 illiyi ilə əlaqədar Sizi təbrik edir, dost və qardaş Türkiyə xalqına ən xoş və səmimi arzularımı çatdırıram.

Müstəqil Azərbaycanın tarixində qardaş Türkiyə diplomatik əlaqələr yaratdığımız ilk dövlətdir. Xalqlarımız və ölkələrimiz arasındakı münasibətlər dərin tarixi köklərə əsaslanır. Ötən illər ərzində “bir millət-iki dövlət” prinsipi dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə etmişdir.

Dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrimiz bu gün birgə səylərimizlə strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Əminəm ki, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2017-ci il.

növbəti xəbər əvvəlki xəbər

bakushop