2017-10-30
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.

Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov çıxış etdi.

Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı qısa film nümayiş olundu. Filmdə layihənin icrasına başlandığı vaxtdan görülən işlər, onun texniki-iqtisadi əhəmiyyəti, region və dünya üçün önəmi haqqında danışıldı.

Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.

növbəti xəbər əvvəlki xəbər