2018-01-16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bir neçə gün sonra ölkəmizdə Qanlı 20 Yanvar hadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan Volkan Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd etdi. Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi.

Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin, Baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkillərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğuladı.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

növbəti xəbər əvvəlki xəbər