2018-04-12
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, Əziz Qardaşım.

Aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən prezident seçilməyiniz münasibətilə xalqım adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın daha da demokratikləşməsində mühüm bir mərhələ təşkil etdiyinə inandığım bu seçkilərin uğurla başa çatmasından duyduğum məmnunluq hissini xüsusi vurğulamaq istəyirəm.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində də Azərbaycanın rifahına, inkişafına və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfələrinizi davam etdirəcəksiniz.

Xalqlarımız arasında qədim tarixə və qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri Zati-alinizin rəhbərliyi və birgə səylərimizlə yüksək səviyyəyə çatıb. Zati-alinizin növbəti illərdə də bu istiqamətdə mühüm töhfələr verməyə davam edəcəyinə ürəkdən inanıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Dəyərli Qardaşım, Sizə bir daha ən səmimi cansağlığı və xoşbəxtlik arzularımı çatdırıram.

Dərin hörmətlə,

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

 

12 aprel 2018

növbəti xəbər əvvəlki xəbər