2018-06-12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əskişəhərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı. Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Mərasimidə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış etdilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Daha sonra Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Çəxəşlardan sonra TANAP kəmərinə qazın verilməsi mərasimi oldu.

növbəti xəbər əvvəlki xəbər