2019-09-03
İstanbul Valisi Ali Yerlikaya, ölkəmizin İstanbuldakı Baş konsulu Məsim Hacıyevə nəzakət ziyarəti etmişdir.

Cari ilin 3 sentyabr tarixində İstanbul Valisi Ali Yerlikaya, ölkəmizin İstanbuldakı Baş konsulu Məsim Hacıyevə nəzakət ziyarəti etmişdir.

Baş konsul Məsim Hacıyev, dərin mənəvi və tarixi dayaqlara söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin, Ümummilli lider Heydər Əliyevin müəyyən etmiş olduğu “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini və bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Öz növbəsində İstanbul Valisi Ali Yerlikaya iki qardaş ölkə arasındakı münasibətlərin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birgə səyləri nəticəsində daha da dərinləşdiyini və bundan sonra da bu istiqamətdə inkişaf edəcəyini vurğulamışdır.

Görüş zamanı iki ölkə arasındakı iqtisadi münasibətlər ətrafında da fikir mübadiləsi aparılmış, sözügedən sahə üzrə əməkdaşlığın daha da artırılması istiqamətində birgə səylərin davam etdirilməsi qeyd olunmuşdur.

Baş konsul Məsim Hacıyev, söhbət əsnasında Bakıda olmadığı məlum olan İstanbul Valisi Ali Yerlikayanı Bakıya səfər etməyə dəvət etmişdir.

növbəti xəbər əvvəlki xəbər