2020-10-18

Erməni terroru davam edir: düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı

Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub, dinc sakinlər arasında ölən və yaralananlar var.

Düşmənin silahlı qüvvələrinin gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinlərindən 13 nəfər həlak olub və 48 nəfər yaralanıb. Mülki obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

Yaralılar xəstəxanalara çatdırılıb, dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hazırda mülki şəxslərin xilas edilməsi işləri aparılır.

Qeyd edək ki, Ermənistan ordusu oktyabrın 11-də də cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəni hədəf almışdı. Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanmışdı. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəymişdi.

 

Arxiv üzrə axtarış