20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri cənab Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 96 nömrəli, 15 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Türkiyə Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda anım mərasimi təşkil edilmişdir. Tədbirdə İstanbulda yaşayan həmvətənlərimiz, tələbələrimiz, tanınmış alimlər, diaspora rəhbərləri və KİV nümayəndələri iştirak etmişdir.
Tədbir 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şəkillərdən ibarət foto-sərginin açılışı ilə başlamışdır. Bundan sonra Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və tədbir iştirakçılarının çıxışları dinlənilmişdir.
Tədbirdə açılış çıxışı edən Konsulluğun başçısı v.i.e. E.Hüseynova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni təcavüzkarları ilə birgə azərbaycan xalqına qarşı terror aktının həyata keçirdiyini və bu qanlı hadisəyə ilk olaraq münasibətini bildirən şəxsin Ümummilli lider Heydər Əliyev olduğunu bildirmişdir.
Bundan sonra, Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə təmsilçisi Sabir Şahtaxtı, İstanbuldakı Azərbaycan-Türkiyə dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu və yazıçı - publisist Kəbutər Haqverdinin çıxışları dinlənilmişdir.
Adil Allahverdiyev 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin şərəf salnaməsi olduğunu xatırlatmış, Səfər Qaraqoyunlu 20 Yanvar hadisəsinin qardaş Türkiyədə böyük bir nigarançılıq, ürək ağrısı ilə qarşılandığını, o zaman Azərbaycanın harayına çata bilməyən Türkiyə xalqının qəhrəman övladlarımızın xatirəsinə həmişə böyük ehtiram göstərdiyini bildirmişdir. Sabir Şahtaxtı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda gördüklərini iştirakçılarla bölüşmüşdür. Yazıçı-publisist, şəhid bacısı Kəbutər Haqverdi 20 yanvar faciəsinin dəhşətli anlarından danışmış, azərbaycan xalqının tarixin bütün dövrlərində öz qəhrəman övladlarının adını uca tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda 20 yanvar faciəsinə dair Baş konsulluq tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına təqdim edilmişdir.
Həmçinin, Baş Konsulluq tərəfindən 20 yanvar faciəsinə dair hazırlanmış press-reliz Türkiyə mətbuatına göndərilmişdir.