Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” 06 nömrəli, 22 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun dəstəyi, təşkilatçılığı və iştirakı ilə İstanbul və əhatə dairəsindəki şəhərlərdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
21 fevral tarixində Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü və İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) iştirakı ilə İstanbulun qədim Topkapısında yerləşən Türk Dünyası məhəlləsindəki Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbirdə ictimaiyyətin tanınmış nümayəndələri, görkəmli alimlər, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlılar, KİV və QHT təmsilçiləri iştirak etmişdir. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Heydər Əliyev fondunun istehsalı olan “Xocalı soyqırımı” sənədli filminin nümayişindən sonra, İSTAD sədri Səfər Qaraqoyunlu Xocalı soyqırımının törədilməsinin səbəblərindən danışmış, bu cinayəti törətmiş erməni cəlladlarının ifşa olunmasının və beynəlxalq birlik tərəfindən ədalətlə mühakimə edilməsinin vacibliyini qeyd etmişdir. Konsulluğun başçısı v.i.e. E. Hüseynova Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayət əməli olduğunu bildirmişdir. İstanbul Büyükşehir Bələdiyyəsi “Kültür” A.Ş.-nin baş direktoru Nevzat Kütük Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu vurğulamış, bu cür vəhşiliklərin bir daha təkrar olunmaması üçün bu cinayət və onun günahsız qurbanlarının unudulmamasını bildirmişdir. Konfransdan sonra Xocalı soyqırımını əks etdirən fotosərgi ziyarət edilmiş, iştirakçılara Xocalı soyqırımına, ermənilərin başqa cinayətlərinə dair tarixi kitablar və digər əyani vəsaitlər paylanmışdır.
20-27 fevral 2016-cı il tarixində İstanbul və əhatə dairəsində yerləşən bir sıra universitetlər, dərnəklər, strateji mərkəzlər tərəfindən Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirlərin təşkilinə dəstək olmaq məqsədilə Baş Konsulluğun əməkdaşları həmin tədbirlərdə fəal iştirak etmiş, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımına həsr olunmuş video material və Azərbaycanla bağlı müxtəlif kitablar, Azərbaycan bayraqları müvafiq şəxslərə, qurumlara və tədbir təşkilatçarına təqdim edilmişdir.