2016-05-10

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anma mərasimi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu tərəfindən Sarıyer bələdiyyəsinin ərazisində yerləşən Heydər Əliyev parkında 10 may tarixində anma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan və İstanbul ictimaiyyətinin görkəmli nümayəndələri, Sarıyer bələdiyyə rəhbərliyi, İstanbulda yerləşən beynəlxalq təşkilatların başçıları, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, hərbçilər, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş və Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur.

Tədbirdə açılış nitqi edən Baş konsul Məsim Hacıyev Ümummilli liderin siyasi hakimiyyəti illərində gördüyü böyük işlərdən, tarixi xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişindəki əvəzsiz rolundan bəhs etmişdir. Məsim Hacıyev Ankarada törədilən dəhşətli terror hadisəsindən sonra Prezident İlham Əliyevin Ankaraya səfər etməsi, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə Bakıda deyil, Ankarada keçirilməsinin Ulu Öndərimizin müəyyən etdiyi siyasi xəttin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinə bariz nümunə olduğunu bildirmişdir.

Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramin Nuriyev və İstanbul Universitetinin aspirantı Dilbər Quliyevanın Heydər Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətləri, yüksək insani keyfiyyətləri, məram və məqsədləri barədə çıxışları dinlənilmişdir. 

Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ərazidə yerləşən büstü önünə də çiçəklər düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir.

 


 

Arxiv üzrə axtarış