2016-05-27

28 May - Respublika Günü münasibəti ilə Baş konsulluq tərəfindən təntənəli tədbir keçirilmişdir.

Respublika günü ilə əlaqədar keçirilən tədbirdə əsas qonaq qismində İstanbul valisinin müavini İsmail Gültəkin, həmçinin Birinci ordu komandiri, ordu generalı Ümit Dündar, Hərb Akademiyaları komandanı general-leytenant Tahir Bekiroğlu, Beşiktaş bələdiyyəsinin başçısı Murad Xəzinədar, Böyükçəkməcə bələdiyyəsinin başçısı Həsən Akgün, Hərb Akademiyalarının yüksək rütbəli generalları, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, elm və mədəniyyət xadimləri, Türkiyə Universitetləri və Hərbi Akademiyada təhsil alan azərbaycanlı tələbələr, media nümayəndələri iştirak etmişdir.

Tədbirdə Baş konsul Məsim Hacıyev Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və fəaliyyəti, təcavüzkar Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələri, son zamanlar Ermənistanla Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermiş gərginlik zamanı azərbaycan ordusunun Ermənistana layiqli cavab verdiyini, cəbhə xəttində bir sıra strateji yüksəkliklərin azad edildiyini bildirmiş  və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası sayəsində Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi, ordu quruculuğunun inkişafından bəhs etmiş, Prezident İlham Əliyev tərəfindən həmin siyasətin uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Baş konsul  Azərbaycanla Türkiyə arasındakı münasibətlərin “bir millət, iki dövlət” düsturuna uyğun şəkildə inkişaf etdiyini vurğulamış, iki ölkə arasında siyasi anlamda qarşılıqlı anlaşmanın hökm sürdüyünü, ən yüksək səviyyədə təmasların davam etdiyini  bildirmişdir.

Respublika Günü münasibətilə xalqımızı təbrik edən İstanbul valisinin müavini İsmail Gültəkin Azərbaycan xalqına ən səmimi ifadələrlə təbriklərini çatdırmış, Azərbaycanın hərtərəfli inkişafının Türkiyədə böyük rəğbətlə qarşılandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbir boyunca Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafına dair film nümayiş etdirilmiş, həmçinin tədbir iştirakçılarına Heydər Əliyev Fondunun nəşr etdiyi Azərbaycanla bağlı ingilis dilində kitablar paylanılmışdır.

Rəsmi hissədən sonra azərbaycanlı musiqiçilər və rəqs qrupunun ifasında geniş konsert proqramı keçirilmişdir.

Arxiv üzrə axtarış