2016-06-02

Baş konsul Məsim Hacıyevin Türkiyə Xarici İşlər Nazirliyinin İstanbuldakı nümayəndəliyinin rəhbəri Səfir Kənan İpəklə keçirilmiş görüşünə dair

02 iyun 2016-cı il tarixində Baş konsul Məsim Hacıyev Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin İstanbuldakı nümayəndəliyinin rəhbəri, Fövqəladə və Səlahiyyətli Səfir Kənan İpəyə nəzakət ziyarəti etmişdir.

K.İpək ziyarət üçün Baş konsula təşəkkür etmiş, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs etmiş, həmçinin Azərbaycanın Türkiyədə xüsusi yerininin olduğunu bildirmişdir.

M.Hacıyev öz növbəsində K.İpəyə səmimi qəbul üçün təşəkkürünü bildirmiş, Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulamış, əməkdaşlığın daha da inkişafının tərəfdarı olduğunu bildirmişdir. Son günlərdə gündəmdə olan Almaniya parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsinə toxunan Baş konsul, Türk millətinin heç bir zaman soyqırım etmədiyini, əksinə ermənilərin Xocalıda soyqırım törətdiyini, Dağlıq Qarabağda çoxsaylı insan tələfatına səbəb olduğunu qeyd etmiş və dünya dövlətlərinin buna hüquqi qiymət vermədiyini vurğulamışdır. M.Hacıyev Türkiyənin ağır günlərində burda baş verən hadisələrin eyni zamanda Azərbaycanda da əks-səda tapmasının əlaqələrin ən yüksək səviyyədə olmasının əyani göstəricisi olduğunu bildirmişdir.

Sonda K.İpək Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşmüş, həmçinin Moskvada çalışdığı zaman, Sovet İttifaqının dağılması ərəfəsində Türkiyənin Respublika günü münasibətilə keçirilən qəbulda ilk dəfə olaraq, Siyasi büronun üzvü və azərbaycanlı bir şəxsin - Heydər Əliyevin Türkiyə Səfirliyinə gəldiyini, önəmli mesajlar verdiyini və bütün bunların onda çox gözəl hisslər oyatdığını bildirmişdir.

 

Arxiv üzrə axtarış