2016-06-19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıb

Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-prisi keçirilib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.

Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi.

Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.

 

Arxiv üzrə axtarış