Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə əlaqədar telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğuladı. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu görüşün ölkələrimiz arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını qeyd etdi. Hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, enerji, nəqliyyat kimi sahələrdə artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi. Dövlətimizin başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. Bu formatda artıq bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin həlli üçün önəmli üçtərəfli format kimi özünü təsdiqlədiyini və nümunəvi bir format olduğunu dedi.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğuladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu işlərə verdiyi töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.