2019-05-28

28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə İstanbuldakı Baş Konsulluğun təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə iştirakçılara məlumat verib. Baş konsul XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası üçün yaranmış tarixi şəraitdən, təcavüzkar Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişaf etdiyini, dünyanın bir çox ölkələri ilə bütün sahələrdə uğurlu əməkdaşlıqlara imza atıldığını qeyd edib. Ulu Öndərin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” fikrini xatırladan baş konsul qardaş ölkələrimizin və xalqlarımızın hər zaman bir-birinin yanında olduğunu bildirib. Baş konsul TANAP layihəsinin strateji əhəmiyyətindən və bölgəmizin enerji təhlükəsizliyindəki rolundan danışıb. "STAR" layihəsi barədə danışan Baş konsul Məsim Hacıyev Türkiyədə bu layihəyə ən böyük xarici yatırımın da məhz Azərbaycan tərəfindən edildiyini bildirib.

Baş konsul Məsim Hacıyev Azərbaycan diplomatik xidmətinin tarixi barədə də iştirakçılara məlumat verib.

İstanbul valisinin müavini İsmayıl Gültəkin Azərbaycanın müstəqilliyinin qorunmasını və sürətli inkişafını türk dünyası üçün əvəzolunmaz sərvət kimi dəyərləndirib. O, Azərbaycan və Türkiyə arasında əsrlərboyu davam edən qardaşlıq münasibətlərinin dünya ölkələri üçün nümunə olduğunu bildirib.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dair kitablar, "İRS" jurnalı, Ermənistanın işğalçı siyasəti barədə nəşrlər iştirakçılara təqdim olunub.

Mərasim Azərbaycan musiqilərindən və rəqslərindən ibarət konsert proqramı ilə davam etdirilib.

Arxiv üzrə axtarış