2021-01-16

No:509/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin İCESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatı ilə bağlı şərhi

Azərbaycan Respublikasının Prezidenti bu ilin 13 yanvar tarixində İCESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı səsləndirdiyi çıxışında, ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.

Bu ərazilərdə Azərbaycan xalqına məxsus olan hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə 19-cu əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.

O ki, qaldı Ermənistan XİN-in guya ki, Azərbaycanın beynəlxalq təşkilatları, xüsusilə də YUNESKO-nu əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt, hətta YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur.

Azərbaycan tərəfi YUNESKO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla YUNESKO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.

Əminik ki, YUNESKO/İSESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırlması üçün əlverişli imkan olacaqdır.

Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcəkdir.

Arxiv üzrə axtarış