No:235/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışına dair məlumatı
19 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun “Cənubi Qafqaz: sülh və əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində çıxış edib. Paneldə müzakirələrində eyni zamanda Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani, Türkiyə Böyük Millət Məclisinin Türk dünyası və beynəlxalq münasibətlərə məsul sədr müavini professor Dr. Kamil Aydın, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, tarixçi professor Dr. Jirar Libaridyan iştirak ediblər.Nazir Ceyhun Bayramov Son aylarda Cənubi Qafqazın təhlükəsizlik mənzərəsində baş verən tarixi dəyişikliklər, bölgədə Ermənistanın güc yolu ilə beynəlxalq hüququ pozaraq və öz xeyrinə istifadə edərək yaratdığı “reallığı” əvəz edən qanun və ədalətin bərpa olunmasından danışıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalına son verilməsi ilə regional dinamikanın əhəmiyyətli şəkildə dəyişildiyi, bölgənin hər üç ölkəsi üçün, eləcə də qonşularımız və tərəfdaşlarımız üçün əməkdaşlıqdan faydalanmaq perspektivlərinin yarandığını qeyd edib.
Torpaqlarımızın işğalı bitdikdən sonra həm Ermənistan, həm də Azərbaycanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərini normallaşdırmaq üçün şansın yarandığını qeyd edən nazir, Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunması baxımından yuxarıda göstərilən əsasda mehriban qonşuluq münasibətləri və regional əməkdaşlığın qurulmasının alternativinin olmadığına inandığını vurğulayıb.
Nazir, 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra, qısa bir müddət ərzində Azərbaycan tərəfindən atılmış addımlardan danışaraq, Ermənistanla münasibətlərini normallaşdırmaq üçün əsl niyyətini nümayiş etdirdiyini iştirakçıların diqqətinə çatdırıb. Ermənistanın isə hərəkətlərində və ritorikasında müşahidə olunan revanşizmin narahatlıq doğurduğu qeyd olunub. Nazir, Ermənistanın sərhədlərin güclə dəyişdirilməsində uğur əldə edə biləcəyi xəyalından əl çəkməli olduğunu və beynəlxalq hüququ kobud şəkildə pozaraq əsassız ərazi iddialarına güvənməyin fəlakətə məhkum olduğunu fikrini səsləndirib.
Daha sonra nazir Ceyhun Bayramov panel müzakirələrinə qatılan iştirakçıların suallarını cavablandırıb.