Fevralın 26-da İstanbulda "Xocalı üçün paylaş" beynəlxalq sosial media kampaniyasının rəsmi mərasimi keçirilib
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İstanbul Universitetində baş tutan tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Yeniçağ" Media Qrupun təşkilatçılığı, Qızılbaş-Gəncləri Maarifləndirmə İctimai Birliyi, bu ali təhsil müəssisəsi, eləcə də universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun dəstəyi ilə həyata keçirilib.
Əvvəlcə, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Zaur Allahverdizadə, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı və digərləri 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni caniləri tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb, tarixin qanlı səhifəsi olan bu, insanlıq cinayətinin səbəbkarlarının ədalətə təslim olunmasını tələb ediblər.