2022-05-21

Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayevanın Sakarya səfərinə dair

20 may tarixində baş konsul Nərminə Mustafayeva Türkiyənin Sakarya şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Sakarya valisi Çetin Oktay Kaldırım və Bələdiyə Başkanı Ekrem Yüce ilə görüşlər keçirilmişdir. Görüşlər zamanı Sakaryanın tarixi, mədəniyyəti, təbii sərvətləri və müxtəlif sahələrdə əldə etdiyi son nailiyyətləri haqqında geniş söhbət aparılmışdır. 1 milyondan artıq əhalisi olan şəhərin Marmara bölgəsinin ən böyük beşinci şəhəri olduğu qeyd olunmuş, burada maşınqayırma, hərbi sənaye, kənd təsərrüfatı, qida və tekstil sahələrində əldə edilən ən son nailiyyətlər haqqında məlumat verilmişdir. 7 sənayə bölgəsinin olduğu Sakaryada ətraf mühitin mühafizəsinə də xüsusi əhəmiyyət verildiyi diqqətə çatıdırılmışdır. Bu xüsusda 2021-ci ildə Danimarkada qazanılan velosiped şəhəri mükafatı xüsusilə qeyd olunmuşdur. Aparılan söhbətlər zamanı tərəflər arasında sahələr üzrə Sakarya bölgəsi ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadilələri aparılmışdır.

Bundan başqa Sakaryaya səfər çərçivəsində baş konsul Nərminə Mustafayeva Sakarya Universiteti və Sakarya Tətbiqi Fənlər Üniversitetinin rektorları ilə görüşmüşdür. Sakarya Universitetində təhsil alan 50 minə yaxın tələbənin 5 minə yaxın hissəsinin 103 ölkədən olan xaricilərin təşkil etdiyi diqqətə çatdırılmışdır və hər iki universitetdə toplamda 451 azərbaycanlı tələbənin təhsil aldığı qeyd olunmuşdur. Aparılan söhbətlər zamanı Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində olmuşdur.

Görüşlərdən sonra səfər Azərbaycan Respublikasının 104-cü Müstəqillik Günü münasibətilə Baş Konsulluğun Sakarya Mədəniyyət və Həmrəylik Cəmiyyəti ilə birgə təşkil etdiyi konsert proqramı ilə davam etmişdir. Konsert proqramından sonra azərbaycanlı tələbələrlə bir araya gələn baş konsul Nərminə Mustafayeva təhsil prosesi və tələbələrimizin qarşılaşdıqları problemlərlə maraqlanmış, gəncləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparmışdır.

Arxiv üzrə axtarış