2023-12-16

Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər barədə mətbuat məlumatı

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.

Səfərlər çərçivəsində vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş konsulluğunda həyata keçirilib.

16 dekabr 2023-cü il tarixində İşçi Qrupu tərəfindən konsulluq xidmətləri göstərilmiş vətəndaşlara ölkəmizin İstanbul şəhərindəki Baş konsulluğunda növbəti dəfə sənədlərin təqdim olunması mərasimi təşkil edilib.

Ümumilikdə layihə çərçivəsində indiyə qədər 6650 nəfərin müraciəti cavablandırılıb, onlardan 3284 nəfərin pasport rəsmiləşdirilməsi, 695 nəfərin  vətəndaşlıq mənsubiyyətinin  müəyyən edilməsi, 522 nəfərin fərdi identifikasiya nömrəsinin əldə olunması üzrə sorğuları icraata yönəldililib və 48 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb. 522  konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi  və  atalığın müəyyən edilməsi) həyata keçirilib. Bununla yanaşı, 1579 şəxsin müraciəti ilə bağlı müvafiq maarifləndirmə işləri aparılıb.

Göstərilən konsulluq və hüquqi yardım vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

İşçi Qrupunun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaqdır.

Arxiv üzrə axtarış