İkitərəfli münasibətlər
Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 14 yanar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.
1992-ci ilin yanvar ayında Türkiyə Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılmışdır.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır.
1993-cü ilin yanvar ayında Azərbaycanın İstanbulda Baş Konsulluğu açılmışdır. Nərminə Mustafayeva 28 İyul 2020-ci il tarixindən etibarən Azərbaycanın bu şəhərdə baş konsulu kimi fəaliyyət göstərir.
12 aprel 2004-cü il tarixində isə Qarsda Azərbaycanın Baş Konsulluğu təsis edilmişdir. Nuru Quliyev 24 Avqust 2016-cı il tarixindən etibarən Qarsda Azərbaycanın baş konsulu kimi fəaliyyət göstərir.
Türkiyənin 1992-ci ildə Naxçıvan MR-da Baş Konsulluğu açılmışdır. 3 oktyabr 2018-ci il tarixindən Mehmet Emin Kiraz Naxçıvan MR-də Türkiyənin baş konsulu kimi fəaliyyət göstərir.
Türkiyənin 2010-cu ilin 15 sentyabr tarixindən Gəncədə Baş Konsulluğu açılmış və Zeki Öztürk 3 sentyabr 2018-ci il tarixindən baş konsul kimi fəaliyyət göstərir.
Türkiyə 2012-ci ilin 8 sentyabr tarixindən Lənkəranda Fəxri Konsulluğunu təsis etmiş və Mayıs Mənsimov həmin tarixdən fəxri konsul kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Türkiyənin ilk dövlət olaraq 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıması ilə bərpa olmuşdur.
Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri ilbəil daha da inkişaf etməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Son 25 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini vermişdir. Şuranın 25 oktyabr 2011-ci ildə İzmir şəhərində ilk iclası keçirilmiş, 11-12 sentyabr 2012-ci il tarixində Qəbələ şəhərində 2-ci, 2013-cü ilin 12-13 noyabr tarixlərində Ankarada 3-cü, 2015-ci ilin 14-15 yanvar tarixlərində Ankarada 4-cü, 15 mart 2016-cı il tarixində Ankarada 5-ci və 31 oktyabr 2017-ci il tarixdə isə Bakıda 6-cı, 25 aprel 2018-ci il tarixdə Ankarada 7-ci iclası keçirilmiş, iclaslar zamanı bütün sahələrdə əlaqələr müntəzəm nəzərdən keçirilmiş və yekununda bir çox sahələrə dair əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən, 30 oktyabr 2017-ci ildə öz fəaliyyətinə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş təntənəli açılış mərasimi ilə başlayan, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsuludur. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirməyə xidmət edir.
Azərbaycan və Türkiyənin Gürcüstan, İran İslam Respublikası, Pakistan, Türkmənistan ilə ayrılıqda üçtəfərli formatda və Gürcüstan və İran ilə dördtərəfli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir.
Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edir və iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi davam etdirilir.
Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir.