Ümumi

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra – pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportlar rəsmiləşdirilir.

Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.

Yeni nəsil biometrik pasport 1 yaşınadək uşaqlar üçün bir (1) illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç (3) illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş (5) illik müddətə, 18 yaşından yuxarı şəxslər üçün isə on (10) illik müddətə verilir.

Azərbaycan Respublikası konsulluğunun dairəsində qanuni əsaslarla daimi yaşayan və Azərbaycan Respublikasının konsulluğunda konsul uçotunda olan Azərbaycan Respublikasının vətəndaşları etibarlıq müddəti bitmiş və ya pasportunun səhifələri dolmuş, pasportunu itirmiş və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün konsulluğa müraciət edə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1553 saylı Fərmanı ilə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin müvafiq bəndlərində edilən dəyişikliklərə istinadən vətəndaşlara yeni ümumvətəndaş pasportunun yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirilməsi müəyyən olunmuşdur.

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən konsulluğa gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi konsulluqda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Konsulluğa göndərilir.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür (yalnız şəxsiyyət vəsiqəsi etibarlı olduqda).

Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasport dəyişdirilməlidir. Pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə pasport Konsulluq vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

Azərbayсan Respublikasının İnzibati Xətəlar Məсəlləsinin 331-сi maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə cərimə edilirlər.

Türkiyə Cumhuriyyətində müvəqqəti və daimi yaşayış üçün icazə vəsiqəsinin (oturma izni) vaxtının bitməsinə 90 gün qalmış müraciət etməyiniz tövsiyə olunur.

Konsulluq vasitəsilə pasportların əldə edilməsi adətən 2-3 ay müddət tələb edir.

Arxiv üzrə axtarış