2016-05-04

İstanbul Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri ilə görüşə dair

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda 03 may 2016-cı il tarixində İstanbul Türkiyə-Azərbaycan dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu və həmin qurumun idarə heyətinin üzvləri ilə AR-in İstanbul şəhərindəki baş konsulu arasında tanışlıq xarakteri daşıyan görüş keçirilmişdir.

Görüş zamanı Baş konsul qonaqları salamlayaraq, Türkiyədə fəaliyyət göstərən dərnəklərin Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafında rolundan bəhs etmiş, iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdirildiyini vurğulamış, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin bu inkişafda rolundan bəhs etmişdir. Diaspora təşkilatlarının ölkəmizə dair keçirdiyi tədbirlərin daha mütəşəkkil ve effektiv təşkil edilməsini arzuladığını bildirmişdir.

İstanbul Türkiyə-Azərbaycan dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bu gün olduğu kimi gələcəkdə də davam etdiriləcəyini bildirmiş və başçılıq etdiyi dərnəyin yaranması və gördüyü işlərdən danışmışdır.

Sonda M.Hacıyev bu ziyarətə görə qonaqlara təşəkkürünü bildirmiş, İSTAD-ın fəaliyyətinin daha səmərəli qurulması üçün Baş konsulluğun lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirmişdir.

Arxiv üzrə axtarış