2017-05-08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin mədəniyyət və turizm nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıldı, tədbirin mədəniyyətlərin və xalqların bir-birinə yaxınlaşması və bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.

Dövlətimizin başçısı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Türkiyənin bu səviyyədə təmsil olunmasının önəmini qeyd etdi.

Nabi Avcı Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı bu yaxınlarda qəbul etdiyi ədalətsiz qərarla əlaqədar Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı bu qərarın ədalətsiz olduğunu bir daha vurğuladı və Azərbaycanın bu qərarı qətiyyətlə pislədiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Azərbaycanda turizmin inkişafının ölkəsində maraqla izlənildiyini dedi.

Azərbaycanda turizm sektorunun inkişafına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, məqsədimiz turizmi iqtisadiyyatın əsas sahələrindən birinə çevirməkdir.

Görüşdə mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olundu və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Arxiv üzrə axtarış