2018-09-17

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olundu. Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər və Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoydular.

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.

Arxiv üzrə axtarış