Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində təşkil olunan rəsm və kitab sərgisində iştirak edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul səfəri zamanı bir neçə tədbirdə iştirak edib.
Səfər proqramı çərçivəsində nümayəndə heyətimiz Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində təşkil olunan Xalq rəssamı Mikayıl Abdullayevin andan olmasının 100-cü ildönümü münasibətilə rəssamın Türkiyədəki əsərlərindən ibarət sərgi və dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunan rəsm, kitab sərgilərində iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev müəllimi Mikayıl Abdullayevin yaradıcılığı haqqında danışıb, sərginin təşkili üçün başda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olmaqla əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
TÜRKSOY adına tədbir iştirakçılarını salamlayan təşkilatın Baş katibi Düsen Kaseinov sənət adamlarının bizlərə qoyduğu mədəni mirasın yaşadılmasının vacibliyini vurğulayıb. Bu sənətçilərin yaratdığı əsərlərin zaman keçdikcə dəyərinin daha da artdığını bildirən baş katib sərginin Türkiyədə yaşayan rəssamların şəxsi kolleksiyalarından olan əsərlər əsasında hazırlandığını deyib.
Mikayıl Abdullayev yaradıcılığını zamana səyahət kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Bakı Dövlət Universitetində oxuduğu illər ərzində kirayə qaldığı evdən bu ali təhsil müəssisəsinə məhz yalnız Bakının deyil, dünyanın ən gözəl metrostansiyalarından olan “Nizami” stansiyasından keçdiyini və demək olar ki, hər gün bu stansiyada Xalq rəssamının Nizami yaradıcılığını əks etdirən əsərlərlə rastlaşdığını xatırlayıb. Səfir bu cür sərginin məhz qardaş Türkiyədə təşkil edilməsinin qürurverici olduğunu deyib.
Tədbir iştirakçılarını salamlayan nazir Anar Kərimov Azərbaycan rəssamlıq məktəbinə böyük töhfə verən Mikayıl Abdullayevə həsr olunan sərginin məhz qardaş Türkiyədə açılmasının qürurverici olduğunu deyib. Bildirilib ki, Bakının “Nizami” metrostansiyasındakı miniatürlər Azərbaycan mədəniyyətinin ən görkəmli sənət əsərlərindən biridir və hər bir azərbaycanlı üçün çox dəyərlidir. Azərbaycan xalqı və dövləti tərəfindən hər bir sənətçiyə olduğu kimi, Mikayıl Abdullayev yaradıcılığına verilən yüksək qiyməti vurğulayan A.Kərimov bu əsərlərin Azərbaycanın milli mədəni irsinin ən qiymətli inciləri olduğunu deyib.
Nazir tədbirin təşkili və sənətçilərimizin dünyada tanıdılmasında göstərdiyi səylərə görə TÜRKSOY-a təşəkkürünü bildirib.
Sərginin açılışı zamanı Teymur Rzayev şəxsi kolleksiyasından Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilən orijinal əsəri Şuşada açılacaq muzeylərə hədiyyə edib.
Sonra sərgiyə baxış olub.
Tədbirin bədii hissəsi Azərbaycanın görkəmli dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan “Mask-Kara” teatrı tərəfindən hazırlanan “Kimdir müqəssir” tamaşasının premyerası və V Teatr Almanaxının təqdimatı ilə davam etdirilib.