Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Prezidenti cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyib.
Prezident İlham Əliyev telefon zənginə və başsağlığına görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı növbəti dəfə törədilmiş hərbi cinayətdir. Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.
Telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi ilə bağlı məsələyə də toxunulub, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi qardaşlıq mövqeyinə və başsağlığına görə bir daha Azərbaycan xalqı adından minnətdarlığını bildirib.