İstanbul şəhərində “Azərbaycan” prospektinin rəsmi açılış mərasimi keçirilib
Fevralın ayının 3-də İstanbul şəhərində “Azərbaycan” prospektinin rəsmi açılış mərasimi keçirilmişdir.
İstanbulun mərkəzi rayonlarından biri olan Sarıyerin qədim hissəsindəki “Cendere” prospektinin adı ölkəmizin bu şəhərdəki Baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb.
Prospektin adının dəyişdirilməsi Sarıyer Bələdiyyə Məclisinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin müvafiq qərarı ilə həyata keçirilib.
Tədbirdə ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc, İstanbul Böyükşəhər Bələdiyyəsinin Baş katibi Can Akın Çağlar, konsulluğun və bələdiyyələrin əməkdaşları, İstanbulda yaşayan, işləyən və təhsil alan həmyerlilərimiz iştirak etmişdirlər.
Açılış mərasimində çıxış edən Baş konsul Nərminə Mustafayeva Azərbaycanın adının İstanbulun ən böyük prospektlərindən birinə verilməsini iki qardaş ölkənin bir-birinə bağlılığın növbəti nümunəsi olduğunu qeyd etdi. Baş konsul Dövlətlərimiz və xalqlarımız arasındakı bu birliyin və bərabərliyin xüsusilə 2020-ci ildə özünü dahada aydın şəkildə büruzə verdiyini bir daha vurğuladı. N.Mustafayeva Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaq üçün apardığı Vətən müharibəsində Türkiyənin ölkəmizin yanında olması və göstərdiyi dəstəyin hər iki xalq üçün çox vacib olduğunu soylədi. Azərbaycan adının burada yaşadılması ölkələrimizin qardaşlığı, birgə tarixi və mədəniyyəti baxımından çox vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Digər çıxış edənlər Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi olacağını xüsusi vurğulayıblar.