İstanbulda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılışı olub
Fevralın 25-də İstanbulun ən mərkəzi hissəsi olan İstiqlal prospektində yerləşən Qalatasaray Meydanında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılış mərasimi keçirilib.
Sərgi İstanbuldaki Baş konsulluğun və İstanbulun Beyoğlu Bələdiyyəsinin birgə təşkilatçılığı və təşəbbüsü əsasında baş tutub.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, diplomatik nümayəndəliyin, dövlət qurumlarının və bələdiyyənin əməkdaşları, siyasi partiyaların rayon üzrə sədrləri, media nümayəndələri, eləcə də şəhər sakinləri və turistlər iştirak ediblər.
Sərginin açılışında çıxış edən baş konsul Xocalı soyqırımı haqqında danışıb. Bu qanlı hadisə zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladan baş konsul bildirib ki, illər ötsə də, Azərbaycan xalqı bu faciədə, eləcə də Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmayacaq. Qırx dörd günlük Vətən müharibəsi nəticəsində tarixi Azərbaycan torpaqlarının uzun illər davam edən işğaldan azad olunduğunu vurğulayan N.Mustafayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin bütün azərbaycanlıların olduğu kimi, şəhidlərimizin də ruhunu şad etdiyini bildirib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar əsrlərboyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Bildirilib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib.
Sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolar nümayiş olunub. Bu fotoşəkillər o gecənin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.
Sərgi fevralın 27-nə kimi davam edəcək.