2021-10-18

İstanbulda "Azərbaycan bu gün və yaxın keçmişin qazandırdığı dəyərlər" mövzusunda konfrans keçirilib

Türkiyənin İstanbul şəhərində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə "Azərbaycanın bu gün və yaxın keçmişdə qazandığı dəyərlər" mövzusunda konfrans keçirilib.

Türkiyənin Yıldız Texniki Universitetində keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü, o cümlədən 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Nərminə Mustafayeva bildirib ki, Azərbaycan 30 il əvvəl müstəqilliyini yenidən bərpa edib: "Burada da ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Hazırda bu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu və 44 gün davam edən Vətən müharibəsi ilə ərazi bütövlüyünü yenidən bərpa etdi".

Türkiyənin "A News" media şirkətinin redaktoru, siyasi analitik Səidə Zahidovanın moderatorluğu ilə baş tutan panel iclasda Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı, “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Türkiyənin Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, Yeditəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Mesut Hakkı Caşın, Boğaziçi Universitetinin rektorunun müavini Gürkan Kumbaraoğlu tədbir iştirakçılarına Azərbaycanın müstəqillik yolu haqqında geniş məlumat veriblər.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyənin müxtəlif universitetlərinin rektorları, diplomatik korpusun nümayəndələri, Türkiyədə fəaliyyət göstərən və yaşaya həmvətənlərimiz, tələbələr, eləcə də Türkiyə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Arxiv üzrə axtarış