2021-12-11

Azərbaycan İstanbulda keçirilən “Stratcom 21” - Beynəlxalq Strateji Kommunikasiya Sammitində təmsil olunur

Dekabrın 11-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 21” işə başlayıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sammitin açılış mərasimində iştirakçıları salamlayan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qlobal dünyada medianın gücü, səhv və aqressiv məlumatlandırma kampaniyaları, dezinformasiyanın dünya ölkələrinə mənfi təsirindən danışıb. Bu məqsədlə dünyanın yeni bir kibergücə ehtiyacı olduğunu vurğulayan Fahrettin Altun sosial medianın idarə edilməsinin ayrı-seçkiliyə, kiberfaşizmə və ümumiyyətlə insanların həyatına mənfi təsirinə son verəcəyini deyib. Bildirilib ki, burada beynəlxalq təşkilatların, media qurumlarının və bütün cəmiyyətlərin üzərinə çox vacib vəzifələr düşür.

Dəvətə və tədbirin təşkilinə görə Türkiyə tərəfinə təşəkkürünü ifadə edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Qarabağ: Bir Zəfər kommunikasiyası" mövzusunda çıxış edib.

Arxiv üzrə axtarış