2021-12-24

İstanbulda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tamaşa nümayiş olunub

Dekabrın 24-də İstanbulda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsi əsasında hazırlanan tamaşanın nümayişi olub.

Tamaşa 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümünə həsr olunub.

Tədbir ölkəmizin İstanbuldaki Baş konsulluğu, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), İstanbulun Maltepe və Sarıyer bələdiyyələri, qardaş ölkədə fəaliyyət göstərən “Xarıbülbül Vizyon Teatrı” və digərləri tərəfindən təşkil olunub.

Səhnə əsərinin baş koordinatoru Yunus Soyupek, bədii rəhbəri Kamalə (Kamal) Cabbarova, ssenari müəllifi və rejissoru Adem Yaşar, musiqi və geyim tərtibatçısı Lətafət Rafiqqızı, tərcüməçi Yurtsevər Şən, bədii rəssam və dizayn ustası Tarıyel Əlizadədir.

Tədbir əsnasında dahi Nizami Gəncəvinin əsərlərini əks etdirən şəkillərdən ibarət sərgi təşkil olunub.

Mərasimdə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əməyi keçən jurnalistlərə-Türkiyənin “Sabah Qəzeti”ndən Uğur Yıldırım, “TV 100” kanalından Ali Burak Ersemiz, “Haber Global”dan Osman Girgin və “Habertürk”dən Çetiner Çetinə mükafatlar təqdim edilib.

Arxiv üzrə axtarış