2024-08-16

Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

Avqustun 10-da Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu sənədin 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiqləyən akkreditasiya kartı, Bakıda keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab olunur.

Arxiv üzrə axtarış